+44(0) 1234 567 890 info@domainname.com

Vüqar Tofiq oğlu Hüseynov

Share it Please



1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur.1976-cı ildə Daşkəsən kənd orta məktəbinin birinci sinfinə getmiş və 1986-87-ci illərdə Bakıda 14 nömrəli texniki peşə məktəbində təhsil almışdır.1987-89-cu illərdə Ukraynada ordu sıralarında hərbi xidmətdə olmuşdur.Ordudan tərxis olunduqdan sonra "Kirovneft” NQCİ-də elektrik-qaz qaynaqçısı işləmişdir.
     1990-cı ilin oktyabr ayında Vətənə,xalqa sədaqətini,bağlılığını göstərmək,erməni cəlladlarına qarşı gedən döyüşlərdə iştrak etmək üçün DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinin sıralarına daxil olmuşdur.Bir şox döyüşlərdə qəhrəmanlıq göstərmiş,dostları arasında hörmət qazanmışdır.Son döyüşə 1991-ci ilin iyul ayının 20-də getmişdir.Həmin gün erməni silahlı qüvvələri Goranboy rayonunun Buzluq kəndi tərəfdən dinc sakinləri və XTMD-nin mövqeyini müxtəlif təyinatlı silahlardan atəşə tutmuşdular.Bu vaxt gözətçi postunda duran Vüqar Hüseynov silahdaşları ilə birgə düşmən mövqelərinə hücuma keçmiş və onlara layiqli cavab vermişlər.Həmin döyüşdə Vüqar Hüseynov xüsusi qəhrəmanlıq göstərmiş və düşmən gülləsinə tuş gələrək əbədiyyətə qovuşmuşdur.
     Subay idi.
                                   BU ELDƏN BİR İGİD KEÇDİ
     Ailənin ilki idi Vüqar.Onun dünyaya gəlişi anası Sevgili xalaya da,atası Tofiq dayıya da dünyanın özü boyda sevinc bəxş etdi.Götür-qoy edib adını Vüqar qoydular ki,ata-baba yurdları kimi vüqarlı,məğrur dağları kimi yenilməz olsun.İllər ötdü.Uşaqlıq anları arxada qaldı.Lakin Vüqar həmyaşıdlarından heç nəyi ilə fərqlənmədi.Onun Vətən sevgili qəlbini hələ heç kim oxumamışdı.
     ...Hələ torpaqlarımızın,xalqımızın dinc vaxtları idi.Necə deyərlər,məmləkətimizdə "qurd quzu ilə otlayırdı”.Cəbrayılın Daşkəsən kəndindən çal-çağır sədaları,uşaq qəhrəhələri əskik olmazdı.Bütün Qarabağın yolları hər birimizin üzünə açıq idi.Onda hələ ocağımızın başında oturan düşmənimizi tanımırdıq.Qayğısız uşaqlıq illərini yaşayan Vüqar və onun həmyaşıdları "çomaq at”ın üstünə minib,əllərində taxta tüfənk dəstələrə bölünüb "müharibə oyunu” oynayar,yorulunca,əldən düşüncə evə yığışmazdılar.Dəstələrdən biri "nemeslər”,o biri  isə "bizimkilər” adlanardı.Həmişə də oyun "nemeslər”in tam məğlubiyyəti ilə nəticələnərdi.
     Zaman ötdü.Həmin uşaqların "çomaq at”ları tanklarla,taxta "tüfənkləri” "Alazan”larla, "Kristal”larla,düşmənləri "nemeslər” isə nemesdən betər təcavüzkar ermənilərlə əvəz olundu.Torpaqlarımızın bütövlüyü,xalqımızın təhlükəsizliyi uğrunda həqiqi müharibə başlandı.Dünən uşaqların gülüş səsləri eşidilən yerlərdə tüfənk,top səsləri qulaq batırdı.Müqəddəslərin yadigarı olan torpaqlarımız igid oğullarımızın qanı ilə suvarıldı.
     Hələ qanlı-qadalı illərə bir neçə il qalmış Daşkəsən kəndində orta məktəbi qurtarandan sonra Vüqar sənədlərini ali məktəbə vermək üçün Bakıya gəldi.Qəbul imtahanlarından kəsildiyindən sənədlərini Bakıdakı 14 nömrəli peşə məktəbinə verdi.Bakıda peşə məktəbində oxuyarkən anası da,atası da tez-tez Vüqarın yanına gələrdilər.Sevgili xala hər dəfə Bakıya gələndə,küçədə rastlaşdığı milis əməkdaşlarını görəndə ürəyindən keçərdi ki,kaş üç oğlundan biri milis olaydı.Tofiq dayı isə soruşardı ki,bəs o birilər?Sevgili xala deyərdi ki,dünyada iki peşədən xoşum gəlir: biri milis,biri isə musiqiçi.Anası bu arzularla yaşayanda sanki ana qəlbini oxuyurmuş kimi Vüqar öz işində idi.Hamı elə bilirdi ki,o səhər dərsə gedir,dərsdən isə evə qayıdır.Sən demə,əlinə düşən pulu-təqaüdünü,evdən yollanan xərcliyini toplayıb hələ o vaxtlar gizli fəaliyyət göstərən karate ustalarından birinin yanına pullu məşqə gedirmiş.
     1987-ci ildə ordu sıralarına hərbi xidmətə gedən Vüqarın fiziki cəhətdən sağlamlığını hiss edən zabitlər onu Ukraynadakı daxili qoşun hissələrindən birinə xidmətə götürdülər.İki il ərzində Ukraynadakı hərbi hissədən Cəbrayılın Daşkəsən kəndinə Vüqarın valideyinlərinə oğullarının əla xidmətinə grə neçə-neçə təşəkkür məktubları gəldi.
     1989-cu ildə əsgərlikdən qayıdan Vüqar bir müddət Bakıda "Kirovneft”də işlədi.Artıq o vaxtlar düşmənlərimizin iç üzünün açıldığı,kəndlərimizin yavaş-yavaş işğal olunduğu vaxtlar idi.Vüqar hər dəfə Qarabağdan bəd xəbər eşidəndə mənəvi sarsıntı keçirər,Vətənin başı üstündəki qara buludlar rahatlığını əlindən alardı.Nəhayət,o,bütün narahatçılıqlardan yaxa qurtarmaq üçün qəti qərara gəldi: hər şeyi tullayıb düşmən qabağına getməliyəm!Bu məqsədlə də DİN-in XTMD-nə gəldi.sözünü dedi,arzusunu bildirdi və anasının arzuladığı milis formasını geyindi.
     Milis formasında ilk dəfə evlərinə gələndə Sevgili xala ilə Tofiq dayı bərk çaşdılar.Axı,onların heç nədən xəbərləri yox idi.Çaşqınlığı sevinc əvəz elədi.Ata-ana şükür etdilər ki,bunların da milis formalı oğulları var.Vüqarın kiçik qardaşı Fuad isə artıq qarmonda çalmağı öyrənmişdi.Vüqar hər dəfə evlərinə gələndə öz yorğunluğunu Fuadın qarmonda çaldığı "Qarabağ şikəstəsi” ilə unudardı.
     Vüqar hər dəfə kəndə gələndə Sevgili xala deyərdi ki,a bala,bu forma sənə çox yaraşır,sən isə aya-günə dönürsən.Tez-tez gəlmirsən ki,doyunca sənə tamaşa edəm.Oğul da deyərdi ki,ay sağ olmuş,bir imkan ver,müharibəni qurtaraq,sonra gəlib öz kəndimizdə gözünün qabağında işləyərəm.
Bir-iki gün qaldıqdan sonra Vüqar yenidən döyüşçü dostlarının yanına qayıdırdı.Sorağı Goranboydan,Xocalıdan,Bakıdan,Erkəçdən,Buzluqdan,Mənəşiddən gələrdi.Hətta bir dəfə terkiyə prezidenti Turqut Özalın Bakı hava limanında olması ilə əlaqədar televiziyada göstərilən sujetlərin birində Vüqarı da görmüşdülər.Ondan çox sonra evə gələndə anası sevincək deyib ki,səni ekranda gördük.Oğul isə əlini yellədib dedi ki,o hələ harasıdır,Xocalı aeroportunda Yerevandan gələn təyyarələri necə yoxlamağımı görəydin kaş.Ermənilərdən birinin çantasından 150 min manat pul,6 kq. Narkotik maddə aşkar elədim.
     Ana ürəyi nə qədər kövrək olarmış.Deyirmiş ki,ay oğul,ermənilərdən eybi yoxdur,özümüzünkülərdən tutanda sən Allah dəymə,axı onun da anası var.
     Beləcənə bir il idi ki,Vüqar torpaqlarımızın bütövlüyü uğrunda vuruş meydanlarından çıxmırdı.Bir dəfə atası Tofiq müəllim Vüqardan soruşmuşdu ki,yəqin,siz o qədər yorulusunuz,o qədər yaralı,şəhid görürsünüz ki,həmişə qanınız qara,qaş-qabağlı olursunuz,eləmi?Vüqar isə - yox ,ay ata,elə niyə deyirsən,əgər əməliyyatımız uğurlu keçirsə.deməli,bayramımızdır,yox,əgər iraq olsun,uğursuz olarsa,hə,bax,onda başqa məsələ.
     ...Vüqar çoxdan idi ki,kəndə gəlmirdi.Ata-anası və iki qardaşı – Habillə Fuad soraq edib öyrəndilər ki,Vüqargilin dəstəsi Laçında olub.Üstündən bir neçə gün keçər,xəbər tutardılar ki,dəstə artıq Qubadlıdadır.Birdən yenə də xəbər-ətər olmazdı.Ailənin narahat günləri,səksəkəli yuxuları başlardı.Handan-hana Vüqar yenə də vüqarlı yerişi ilə kəndə gələrdi.Bütün kənd əhli ilə görüşərdi.Amma döyüşlərdən,əməliyyatlardan  bir kəlmə belə danışmazdı.Sevgili xala da elə ona görə gileylənərdi ki,bu uşaq nə yaman qaradinməz olub.Vüqargilin şəhid jurnalist Salatın Əsgərovanın qatillərini Qaladərəsində tutmasını,Zori balayanı tutub döyməsini Sevgili xala,Tofiq dayı çox-çox sonradan eşidərdi.
     Bir dəfə Vüqar evdə olmayanda ata-anası söhbət edirdilər,hesabladılar ki,Vüqarın məzuniyyət vaxtı avqustun 5-dən başlayır.İkilikdə qərara gəldilər ki,Allah qoysa,Vüqar üçün avqustun 15-də nişan aparsınlar.Hətta bu söhbəti eşidən üçüncü qardaş Fuad da sevinmişdi ki,nişanda çalğı ilə özüm məşğul olacamş
     Mart ayı idi.Vüqar Novruz bayramı ilə əlaqədarbir günlük evlərinə gəlmişdi.Həmin gün kənddə toy var idi.Evdə çox oturmayıb getdi toya.Gecədən xeyli keçmiş gəldi.Uzanıb yatdı.Səhər tezdən həmişə olduğu kimi əzizləri,qohum-qonşu onu yola saldılar.Yol üstündə olan Vüqar anasını bir qırağa çəkib qulağına pıçıldadı ki,evdəki şkafın üstünə "Şampan” butulkası qoymuşam.Qoyma uşaqları onu açmağa.İyulun 20-də ad günümdür,onda gəlib açacağam.
     Vüqar getdi.Kim nə bilərdi ki,onun son gedişi olacaq.Kimin ağlına gələrdi ki,Vüqar bir də Daşkəsən kəndinə gəlməyəcək...
     Zəngilanda,Qubadlıda,Laçında,Xocalıda XTMD-nin keçirdikləri uğurlu əməliyyatlar camaatımızı sevindirdiyi qədər,düşmənin canına bir o qədər də vəlvələ salmışdır.Lakin xəbər gələndə ki,ermənilər böyük qüvvə ilə Goranboy istiqamətində fəallaşıblar,Vüqargil təkidlə tələb etdilər ki,Goranboya getməliyik.
     Neçə gün idi ki,Goranboy torpağında qanlı döyüşlər gedirdi. "OMON”çu qəhrəmanlar döyüşlərdə daha çox fərqlənirdilər.Vüqar çox vaxt kəşfiyyatda olardı,düşmənin hərbi texnikasının,silah-sursat anbarının bir neçə addımlığına kimi gedib çıxardı.
     Növbəti döyüşlərin birində Vüqarın qulağına inilti səsi gəldi,çevriləndə bizimkilərdən birinin ağır yaralandığını,düşmən tankının isə artıq lap yaxınlaşdığını gördü.Tank əleyhinə olan qumbaraları qurtardığı üçün dayandığı yeri dəyişmək istədi.Lakin yaralının tankın tırtırları altında qalacağından ehtiyat edib özünü onun üstünə tulladı.Heç özü də bilmədi ki,nə vaxt yaralını qucağına götürüb ölümün caynağından uzaqlaşıb.
     Beləcə barıt qoxulu günlər davam edirdi.Goranboy,Buzluq,Erkəç,Mənəşid kəndlərində "OMON”çuların şücaəti dillər əzbəri olurdu.Quduz düşmən cəngavər oğlanlarımızın ağır zərbələri altında geri çəkilirdi.Vüqarın birdən yadına düşdü ki,iyulun 20-si – ad günü yada düşmədən səssiz-soraqsız keçib.Fikirləşdi ki,yəqin evdə narahat olacaqlar.Axı,o,söz vermişdi ki,ad günündə evə gələcək.Vüqar bunun üçün narahat olmadı:eybi yoxdur,iyunun 20-si olmasın,iyulun 20-si olsun.Təki bu erməniləri qovub buradan uzaqlaşdıraq.Ürəyindən keçənləri cəbhə dostu Elçinə də danışdı.Döyüşcü dostlar razılaşdılar ki,gecikmiş ad gününə birlikdə getsinlər.Sevgili xalanın plovundan birgə dadsınlar.
     İyulun 20-si gəlib çatdı.Səhərdən başlayan döyüş ara vermirdi.Vüqarla Elçin çiyin-çiyinə verib düşmənə qan uddururdular.İstidən,susuzluqdan dil-dodaqları qurumuş qəhrəmanlarımız düşməni tezliklə məhv etmək üçün hər əzab-əziyyətə dözürdülər.Birdən Elçin Vüqarın xırıltılı səsini eşitdi.Gözlərinə,qulaqlarına inanmadı.Fikirləşdi ki,yəqin Vüqar zarafat edir.Ancaq Elçin yanılmışdı.Vüqar qan içində idi.Elçin tez ona tərəf süründü.Namərd düşmən gülləsi öz işini görmüşdü.Vüqar aldığı güllə yarasından çoxlu qan itirmişdi.O,Elçindən xahiş elədi ki,bir qurtum da olsa ona su tapsın.Su tapmayacağını bilən Elçin özünü dünyanın ən aciz,ən zəif məxluqu hiss elədi.Dəqiqələr ötdükcəə Vüqarın avazıyan sifəti müdhiş bir ölümün yaxınlaşdığından xəbər verirdi.Vüqar son dəfə gücünü toplayıb inilti ilə dedi: Elçin,nə mənim meyidimin,nə də avtomatımın düşmən əlinə keçməsinə imkan vermə...Həmin gecə ulduzlu səmadan bir ulduz axdı.Bu,bəlkə də nakam Vüqarın sönən ulduzu idi.
     Vüqarın dəfn mərasiminə DİN-in rəhbər işçilərindən tutmuş sıravi döyüşçülərə qədər çoxlu adam gəlmişdi.Həmən gün Daşkəsən kəndində el öz qəhrəmanını uğrunda şəhid olduğu torpağa tapşırdı.Daşkəsən torpağından bir igid köçərək əbədiyyətə qovuşdu.
     ...Evlərindəki otaqlardan birində Vüqarı uşaqlıqdan tanıyan bir rəssamın çəkdiyi böyük portretdə Vüqar elə bil sağdır.Rəssam Vüqarı sanki yenidən bu evə qaytarıb.Portretin yanındakı şkafın üstündə isə bir qırmızı "Şampan”butulkası var.Sevgili xala deyir ki,nə qədər ki,canım sağdı,o şüşəni heç kim açmayacaq.Öləndə oğullarıma,gəlinlərimə vəsiyyət edəcəyəm ki,onu açmayın...
     Ölümündən beş ay sonra 1991-ci il dekabrın 18-də Qarabağı qan çanağına döndərən imperiya prezidentinin fərmanı ilə baş serjant Vüqar Hüseynova xidməti vəzifəsini icra edərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Qırmızı Ulduz”ordeni verildi. El məhəbbəti deyilən Ən böyük mükafatı isə o xalqından qazandı.

0 коммент.:

Отправить комментарий