1962-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur . 1978-ci ildə orta məktəbi bitirmiş,1980 – 82-ci illərdə hərbi xidmətdə olmuşdur.
1983-cü ilin iyun ayında milis orqanlarına işə qəbul olunmuş, İsmayıllı və Gədəbəy rayon daxili işlər şöbələrinin nəzdindəki mühafizə bölmələrində milis nəfəri işləmişdir.
1987-ci ildə SSRİ daxili İşlər Nazirliyinin Brjansk şəhərindəki xüsusi orta milis məktəbini bitirmişdir. 1987-ci ildə Gədəbəy rayon DİŞ-də sahə müvəkkili vəzifəsində,1989-cu ildən 1990-cı ilin avqustuna kimi Gəncə rayon DİŞ-də sahə inspektoru, sonra isə cinayət axtarışı bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışmışdır.
"Milis əlaçısı” döş nişanına layiq görülmüşdür.
İlham Əliyev 19 avqust 1990-cı ildə Qazax rayonunun Ermənistanla həmsərhəd Aşağı Əskipara kəndinə köməyə göndərilmiş, erməni yaraqlıları ilə gedən döyüşdə silahdaşları ilə qəhramanlıqla vuruşaraq düşməni ağır itkiyə məruz qoymuş, həmin döyüşdə həlak olmuşdur.
Ölümündən sonra " Qırmızı Ulduz ” ordeninə layiq görülüb. Gədəbəydə büstü qoyulub, oxuduğu orta məktəbə İlham Əliyevin adı verilib.
Bir oğlu var.
TORPAĞA GÖMÜLMÜŞ ARZULAR
Bütün varlığıyla həmişə ön xəttə, ən odlu-alovlu yerlərə can atırdı İlham. Paqon yoldaşları " qaynar nöqtələrə ” ezam olunanda rahatlıq tapa bilmir,bir yerdə qərar tutmurdu .İlhama elə gəlirdi ki,e vdəkilər də, yoldan ötənlər də baxışları ilə ona irad tuturlar ki, "sənin yerin bura yox, cəbhə xəttidir, düşmən tapdağında qalan dədə-baba torpaqlarımızdı...”
İlham həmişə belə düşünər, erməni quldurlarının burnunu əzməyə, ürəyinin odunu söndürməyə qarı düşməndən qisas almağa tələsərdi.
1990-cı ilin avqust ayının 19-da da belə oldu. Cəzasızlıqdan azğınlaşmış nankor düşmən yenə də quduzlaşaraq ulularımızın yadigarı olan torpaqlarımıza silahlı basqın etmişdi. Qazaxın Ermənistanla həmsərhəd kəndləri yenə də vəhşi təcavüzə məruz qalmışdı. Qeyri-bərabər qüvvə qarşısında qalan Qazaxdakı qüvvələrimizin əlavə köməyə ehtiyacı vardı. Respublika daxili işlər naziri Məhəmməd Əsədovun göstərişi ilə Gəncə şəhər daxili işlər idarəsindən, Gəncə və Kəpəz rayon daxili işlər şöbəsindən təcili olaraq Qazağa getməyə qüvvə ayrıldı. Siyahı tutularaq Qazağa gedəcək milis işçiləri müəyyənləşdirildi. Xanlar, Goranboy, Gədəbəy rayonlarının ərazisində erməni yaraqlılarına qarşı keçirilən əməliyyatlardan yenicə qayıtdığından bu siyahıda Gəncə RDİŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, leytenant İlham Əliyevin adı yox idi. İlham adını siyahıda görməyib öz fikrini idarənin rəhbərliyinə bildirdi :
- Qazağa mən də gedəcəyəm, xahiş edirəm mənim adımı siyahıya salın. Əməkdaşı olduğu idarənin rəhbərliyi " döyüşdən təzə gəlmisən, növbəti səfərdə gedərsən ” desələr də, İlham Qazağa getməyi dənə-dənə xahiş etdi və siyahıya axırıncı olaraq İlhamın da adı əlavə olundu. Gəncədən Qazağa yollanan 52 nəfərlik dəstədə yurddaşlarımızın harayına o da yollandı.
...Qazağın Aşağı Əskipara kəndi od-alov içərisində yanırdı. Ermənistanla həmsərhəd olan bu başıbəlalı kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən iriçaplı pulemyotlardan,artilleriya qurğularından,avtomat silahlardan atəşə tutulurdu.Kənddə uşaqların,qadınların,qocaların ah-naləsi göylərə bülənd olmuşdu.Erməni silahlı birləşmələri ata-baba torpağımızda meydan sulayır,görünməmiş vəhşiliklər törədirdilər.Sərhəd bölgələrində münaqişələri yatırmağa,haqsızı yerində oturtmağa gələn " şanlı Sovet Ordusunun ” əskərləri isə törədilən vəhşiliklər onların gözləri önündə baş vermirmiş kimi müdhiş mənzərələrə,günahsız adamların axan qanına,körpələrin vay-şivəninə,neçə-neçə illərin alın təri ilə tikilmiş evlərin yanmasına laqeydliklə baxır,ancaq erməni tərəfinə kömək lazım olanda hərəkətə gəlirdilər.
İlham öz dəstəsi ilə kənddəki məktəbdə mövqe tutdu,düşməni kəndin içərisinə girməyə qoymadılar.Əsil ölüm-dirim mübarizəsi gedirdi.İlhamın 11 nəfərlik dəstəsi qarşısında 100-ə qədər erməni yaraqlısı aciz qalmışdı.Gədəbəyin təmiz havasından,şəffaf sularından,ətirli çiçəklərindən güc almış dağlar oğlu özünün döyüş qabiliyyəti ilə düşmənə sarsıdıcı zərbələr vurur və həm də düşməni aldadaraq onda məktəbdə 11 nəfərin deyil ,50 – 60 adamın vuruşması kimi yanlış təsəvvür yaradırdı.
Düşmən itki verərək daha da qəzəblənir, quduzlaşırdı.Məktəbin alınması üçün əlavə qüvvələri səfərbər etməyə məcbur olan qarı düşmən bu " alınmaz qalanı ” üç tərəfdən mühasirəyə aldı. Məktəb atılan güllələrdən dəlmə-deşik olmuşdu. Neçə-neçə düşmən snayperi İlhamı nişana almışdı. Düşmən qüvvələrini sürətlə artırırdı. Güllə yağışından baş qaldırmaq mümkün deyildi. Bir avtomat və karabin tüfənklə düşmənə müqavimət göstərmək olmurdu. İlham vəziyyətə dəqiqliklə qiymət verdi. İndi onun dəstəsi tam təhlükə altında idi, mühasirəyə düşmək təhlükəsi yaranmışdı. Mövqeni dəyişməli, gərargah kimi yerləşdikləri məktəbi tezcə tərk etməli idilər. Lakin azğınlaşmış düşmən məktəbdən çıxmağa da imkan vermirdi. İlham bir anlığa düşünüb düşməni çaşdırmaq, uşaqları xilas etmək üçün yol axtardı. Ölümdən qorxmayan əməliyyatcı sürünə-sürünə düşmənin arxa çinahına keçdi. Düşmən gözləmədiyi yerdən zərbə aldı. İlham sərrast atəşlərlə özünü itirmiş erməni yaraqlılarının neçəsini məhv etdi. Düşmənin diqqətini özünə cəlb edərək dəstəsinin məktəbdən çıxmağına imkan yaratdı. İlhamın şücaətindən heyrətdə qalan düşmənin snayperləri igid milis işçisininə tuşlandı. Bu an xırıltılı bir səs eşidildi. İlham düşmən gülləsinə tuş olmuşdu. Milis işçiləri baş leytenant Namiq İsmayılovun rəhbərliyi ilə İlhamın köməyinə gəldilər. Düşmənin sinəsinə dağ çəkmiş Gədəbəyin cəsur oğlunun qarın nahiyyəsində içində idi .O, güclə eşidiləcək səslə : "Məni vurdular, tez həkimə çatdırın ”, – dedi.
Gəncə rayon daxili işlər şöbəsinin əməkdaşı, leytenant Elbrus Məmmədov və xüsusi milis nəfəri Fərmayıl Kazımov kəndin iki nəfər məktəblisi ilə yüz dəfə ölümlə rastlaşaraq yaralı İlhamı kənd Sovetliyinin binasına gətirdilər. Ağır yara aldığından burada İlhamın təhlükəsizliyinə təminat yox idi. İlhama ciddi tibbi yardım göstərilməliydi. Onu mütləq rayon mərkəzinə - Qazağa çatdırmaq lazım idi.Rayon mərkəzinə gedən yol isə üç erməni kəndindən keçdiyindən İlhamı və onu müşayiət edənləri yenə də faciə ilə nəticələnə biləcək təhlükələr gözləyirdi. Lakin başqa yol yox idi. İlhamı qan aparırdı. Mütləq Qazağa çatmaq lazım idi.
İlhamı Qazağa gətirən döyüşçülər yol boyu erməni yaraqlıları ilə atışmalı oldular. Özlərinin şücaəti və bir də xoşbəxt təsadüflər nəticəsində erməni kəndlərinin ərazisindən sağ-salamat çıxıb Qazağa yetdilər. Yol boyu İlham xeyli qan itirməsinə baxmayaraq ,huşunu itirmədi. Cərrahiyyə əməliyyətına getməzdən əvvəl silahını və vəsiqəsini Elbrus Məmmədova verdi və dedi ki, "saxla, sağaldıqdan sonra səndən alacam”. Bu sözlər Azərbaycan xalqının mübariz oğlu, canını Vətən yolunda əsirgəməyən leytenant İlham Müzəffər oğlu Əliyevin son sözləri idi. Gədəbəyin igid oğlu bir neçə saat davam edən cərrahiyyə əməliyyatından sonra özünə gəlmədi. Xəstəxanada dünyasını dəyişdi, ən yüksək rütbəni – şəhid rütbəsini aldı...
İlham özünün şərəfli ölümü ilə bir dünya arzusunu soyuq məzara apardı. Uşaqlıqdan milisdə işləmək arzusu qəlbində baş qaldırmışdı. Orta məktəbdə inşada bu arzusunu ifadə edərək yazırdı : "haqsızlıqlarla barışmazlıq,cinayətkarlara güzəştə getməmək,dözüm və mətanət – milisləri birləşdirən başlıca cəhətlər məhz bunlardır. Milis işcisi görəndə həyəcan, sevinc hissləri keçirirəm. İnanıram ki, bir gün mən də onların sırasında olacağam, milisin mətin cərgəsində dayanacağam. Müqəddəs qanunlarımızın, dinc həyatın keşiyini çəkəcəyəm...”
Niyyətin hara, mənzilin ora, - deyib atalar. Hərbi xidmətdən sonra İlham İsmayıllı rayonunda daxili işlər orqanlarına qəbul olundu. Sonra xidmət yerini doğma Gədəbəyə dəyişdi.İşgüzarlığı,xidməti işinə məsuliyyəti nəzərə alınaraq Brjansk şəhərindəki SSRİ Daxili İşlər Nazirliyinin xüsusi orta milis məktəbinə oxumağa göndərildi.Brjanskda təhsil alarkən İlham xalqının adını uca tutdu.Əsrin faciələrindən olan Çernobıl qəzası baş verəndə İlhamın qəlbindəki bəşəri hisslər onu qəzanın nəticələrini ləğv etmək,adamları təhlükəsiz yerə göndərmək üçün Çernobıla aparıb çıxardı.Azərbaycanın qəhraman oğlu burada da bir daha insanlığa xidmət etdi.Kimsəyə fərq qoymadı ki,bu rusdu,bu belarusdu,özbəkdi...İlham millətinin adını uca tutaraq bəşər övladının keşiyində durdu.O,Çernobıldan "Milis əlaçısı” döş nişanı ilə qayıtdı.SSRİ Daxili İşlər Nazirliyinin təşəkkürünü aldı.
İlham əsil milis həyatını cinayət axtarışında işləməkdə görürdü.Milisdə işləmək arzusu da elə məhz cinayət axtarışında işləmək həvəsindən yaranmışdı.Brjanskda məktəbi bitirdikdən sonra az bir müddət sahə müvəkkili işləyən İlham Əliyev arzusuna çataraq Gəncə Rayon Daxili İşlər şöbəsində cinayət axtarışı xətti üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olundu,cinayətkar dünyası ilə daha əzmlə mübarizə apardı.Qəlbində min bir arzu ilə sabaha inamlı addımlar atan İlham bilmədi ki,daha azğın,daha məkrli düşmənlə - erməni millətçiləri ilə də mübarizə aparacaq,bu mübarizədə gəncliyinə balta çalınacaq,1990-cı ilin aprel ayının 22-də Gədəbəydə qurulan toyundan 4 ay keçməmiş atası Müzəffər müəllimin sinəsinə çalın-çarpaz oğul dağı çəkiləcək. Qurduqları böyük toy mağarının yerində vay-şivən ərşə qalxacaq. Anası Sona xala özünü oğul məzarına atmaq istəyəcək, fəryadı dağı-daşı ağladacaq : "Gözümün nuru ,dizimin taqəti ! Məni dərd içində hara qoyub gedirsən ? Doyunca boyuna oxşamadım. Xoş gününə təzəcə sevinirdim. Apar məni də özünlə, apar ! Sənsiz bu dünyada nəyə lazımam!..”
Bəli ,İlham bilmirdi ki ,öz eşq – məhəbbət dünyasından doyunca zövq almayacaq, qəlbində oğul arzusu ilə qara torpağa gömüləcək, dünyasını dəyişəndən sonra ilk körpəsi dünyaya gələcək, qəhrəman atasının adını daşıyacaq.
Leytenant İlham Əliyevin dəfni el kədərinə çevrildi.Vətənini canından çox istəyən İlham Gədəbəy ,Qazax, Gəncə, Tovuz, Şəmkir camaatının qolları üstündə ana torpağın qoynuna tapşırıldı.
0 коммент.:
Отправить комментарий